ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARINDA İŞTİRAK ETMƏK ÜÇÜN TQDK-NIN SERVERİNƏ 50 MİN 500 “ELEKTRON ƏRİZƏ” DAXİL OLMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, ali məktəblərə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün TQDK-nın serverinə aprelin15-dən 50 min 500 “Elektron ərizə” daxil olmuşdur.
Sənəd qəbulu komissiyalarında (SQK) “Elektron ərizə”lərin təsdiq edilməsi davam edir. İndiyədək 12 min 228 abituriyent “Elektron ərizə”sini SQK-da təsdiq etdirmişdir.
Abituriyentlər respublikanın ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün mayın 31-dək internet vasitəsilə “Elektron ərizə”lərini doldurmalıdırlar. Bundan sonra sənəd qəbulu komissiyalarına tələb olunan sənədləri təqdim edərək mayın 31-dək ərizələrini təsdiq etdirməlidirlər. Abituriyentlər internetlə “Elektron ərizə” doldurmaq üçün ilk növbədə “Ödəmə kartı” əldə etməlidirlər. Həmin kartları respublikanın bütün mərkəzi poçt şöbələrindən əldə etmək olar.
16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər sənədlərini mayın 31-dək aşağıdakı SQK-lara təqdim etməklə “Abituriyentin ərizəsi”nin kağız formasını şəxsən doldururlar:
Bakıda-Azərbaycan Müəllimlər İnstitutu, Naxçıvanda-TQDK-nın Naxçıvan MR Regional Şöbəsi, Gəncədə-Gəncə Şəhər Təhsil Şöbəsi.
Xarici dövlətlərin vətəndaşları mayın 31-dək TQDK-da yaradılmış SQK-da “Abituriyentin ərizəsi”nin kağız formasını şəxsən doldururlar. Gürcüstanda yaşayan azərbaycanlılar sənədlərini Qazax rayon Təhsil Şöbəsində, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan soydaşlarımız isə Qusar Rayon Təhsil Şöbəsində yaradılmış SQK-ya təqdim edə bilərlər.
Xarici dövlətlərin vətəndaşları SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər: Milli pasport və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini; hərbi bilet və ya çağırışçı şəhadətnaməsini və onların notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər “Elektron ərizə”ni internetlə doldurub, ümumi qaydaya əsasən sənəd qəbulu komissiyasında təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidirlər. Kino, teatr və xoreoqrafiya sənəti üzrə təhsil almaq istəyən abituriyent qeydiyyata alınmaq üçün mayın 31-dək, xüsusi qabiliyyət tələb edən digər ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent isə mayın 1-dən 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir. Həmin komissiyada abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Qeydiyyata alınmış abituriyent qabiliyyət imtahanlarının cədvəlini götürür və iyunun 28-dən iyulun 7-dək cədvəl üzrə qabiliyyət imtahanları verir.
Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanuna əsasən, əsas imtahanlaradək “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Rus bölməsinin abituriyentlərinə həmin imtahanda iştirak etmək üçün müəyyən olunmuş tarixlərdə ərizələrini təsdiq etdirdikləri SQK-da “İmtahana buraxılış vərəqəsi” veriləcəkdir. “Buraxılış vərəqəsi”nin verilmə tarixləri barədə məlumat TQDK-nın internet saytında yerləşdiriləcəkdir.