ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ TEST TAPŞIRIQLARI VƏ ONLARIN CAVABLARI DƏRC EDİLMİŞDİR
Düzgün cavablar iyulun 28-də imtahan testlərinin TQDK tərəfindən təşkil olunmuş ekspertizası prosesində müstəqil ekspertlər tərəfindən yoxlanmış, onların orta ümumtəhsil məktəblərinin proqramlarına uyğun olmaları araşdırılmış və təsdiq edilmişdir.
Abituriyentlər nəticələr elan edilənə qədər jurnalın köməyi ilə öz doğru və səhv cavablarını öyrənib, topladıqları balları hesablaya bilərlər.
Jurnalda imtahan fənləri, onların altqruplar üzrə çəki əmsalları, imtahan ballarının hesablanması qaydası haqqında məlumatlar da verilmişdir.
Orta məktəb şagirdləri, gələcək abituriyentlər növbəti tədris ilində ali məktəbə qəbul imtahanlarına mükəmməl hazırlaşmaq üçün bu test kitabçalarından elmi-metodiki və məşq materialı kimi istifadə edə biləcəklər.
Ali məktəblərə qəbul olanların siyahısı avqustun ilk ongünlüyündə “Abituriyent” jurnalında dərc ediləcək və TQDK-nın İnternet saytında yerləşdiriləcəkdir. Nəticələr elan olunduqdan sonra təhsil formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent lazımi sənədləri 10 gün müddətində yerləşdirildiyi təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Əks halda, o, ali məktəbə qəbul olunmur. Qəbul olmayan abituriyentlər isə öz imtahan nəticələri barədə arayışları bilavasitə sənəd verdikləri komissiyalardan ala bilərlər.