ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlər
Bakı, 21 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 20-dən başlayaraq 3 gün ərzində keçiriləcək təlimlərdə 9 ali təhsil müəssisəsi, əmək bazarı və digər qurumların nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.
Mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali məktəblərin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsidir. Bununla yanaşı, akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi arasında əlaqələri aydınlaşdırmaq və praktiki tapşırıqlar vasitəsilə daxili keyfiyyət təminatının qiymətləndirilməsinə dair bacarıqların təkmilləşdirilməsi də əsas məqsədlər sırasındadır.
Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla üç səviyyə üzrə sertifikatla təltif olunacaq. Yalnız hər üç səviyyə üzrə sertifikat əldə edən ekspertlər akkreditasiya komissiyalarının fəaliyyətində iştirak edə biləcək.