DÜNYA
Alimlər uşaqlar üçün qazlı içkilər almağı məsləhət görmürlər
Bakı, 9 aprel (AZƏRTAC). Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adamın xəbər vardır.
AZƏRTAC “The Times of India”ya istinadən xəbər verir ki, Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son elmi işi bunu təsdiqləmişdir. Alimlər 12 ildə 2 minə yaxın uşağın timsalında qazlı içkilərin təsirini müəyyən etmişlər. Məlum olmuşdur ki, gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki arteriyalar quruyur.
Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ekspert Bamimi Qopinat demişdir ki, hələ uşaqlıqdan sağlam qidalanmaya riayət etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummaq olmaz. B.Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının qanunvericilik səviyyəsində dəyişdirilməsinə tərəfdardır.
Yeri gəlmişkən, bundan əvvəl Adelaida Universitetinin Zumin Şinin rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və ağ ciyərlərin obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirmişdir.