DÜNYA
Almaniyada Oktoberfest festivalının ən qızğın çağıdır
Münxen, 28 sentyabr, AZƏRTAC
Bu günlərdə Almaniyada keçirilən ənənəvi Oktoberfest festivalının ən qızğın çağı yaxınlaşır.
AZƏRTAC xəbər verir ki, bu günlərdə bütün Bavariyada, lakin daha çox Münxendə mahnı və rəqslərlə müşayiət olunan xalq gəzintiləri, habelə əl işləri olan məişət əşyalarının, həddən artıq pivə və Bavariya kolbasalarının satışı keçirilir.
Qeyd edək ki, bəziləri Oktoberfest festivalını dünyada hətta Braziliya karnavalını geridə qoyan ən böyük xalq gəzintisi kimi dəyərləndirir.
Ənənəvi olaraq bayram Münxenin mərkəzində - Tereziyenvizedə başlayır və getdikcə bütün federal əyalətə yayılır. Bir qayda olaraq, festival bir ay davam edir.
Maraqlı faktdır ki, Oktoberfestə yalnız Münxenin pivə zavodları buraxılır. Xüsusi olaraq bu festival üçün onlar Oktoberfestbiyer adlı pivə hazırlayırlar. Bu pivənin tərkibini 5,8-6,3 faiz alkoqol təşkil edir.
1946-1948-ci illərdə Oktoberfest yalnız zəifalkoqollu pivə (2 faizdən az) ilə keçirilib. Lakin ənənələrə qalib gəlmək mümkün deyil. Xüsusən bu, almanlar arasında pivə ənənələrinə aid edilirsə. Bu səbəbdən Oktoberfestbiyer çox tezliklə festivalın piştaxtalarına qayıdıb.
Bu il Münxen beynəlxalq aeroportunun işçiləri Oktoberfestə gələn, ənənəvi Bavariya milli geyimləri ilə bəzənən turistləri qarşılayır və onlara xidmətlər göstərirlər. Milli geyimlər turistlərin bu gözəl federal əyalətdə olduqları müddətdə əvvəldən sonadək festivala xüsusi ab-hava qatır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Münxen