DÜNYA
ALMANİYADA PASXA BAYRAMI MÜNASİBƏTİLƏ SÜLH YÜRÜŞLƏRİ KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın iri şəhərlərində minlərlə insan Pasxa bayramı münasibətilə ənənəvi sülh yürüşünə çıxaraq, müharibələrə, münaqişələrə, hazırda İraqda aparılan hərbi əməliyyatlara son qoyulmasını, qaynar regionlara bundesver əsgərlərin göndərilməməsini tələb edirlər.
Belə izdihamlı yürüşlərdən biri Vaymar şəhəri yaxınlığındakı alman faşistlərinin keçmiş ölüm düşərgəsi Buhenvaldda keçirilmişdir. Yürüşdə tanınmış siyasətçilər, ziyalılar və ictimaiyyətin nümayəndələri ilə yanaşı, faşist Almaniyasının süqutu ərəfəsində - 1945-ci il aprelin 5-də düşərgənin darvazalarını dağıdaraq azadlığa çıxmış və indiyədək sağ qalan insanlar da iştirak edirlər. Onlar “Rədd olsun müharibə!”, “Azadlığın, sosial ədalətin bərpa olunmasını istəyirik!” şüarları ilə düşərgənin ərazisinə daxil olaraq müharibə əleyhinə kütləvi mitinq keçirmişlər.
Almaniyada yürüşlər aprelin 13-dək davam edəcəkdir.