CƏMİYYƏT
Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gənclər konfransı keçirilib.
ASAP-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ümummilli Lider Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirdiyi və bu siyasi kursun bütün istiqamətlərdə dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında danışıb. Vurğulanıb ki, müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov bildirib ki, Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Onun tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib.
ASAP-ın icraçı direktoru Sevda Mansurova çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Eyni zamanda, təşkilatın Almaniyada fəaliyyəti və gələcəkdə reallaşdırılacaq layihələr barədə məlumat verib.
Tədbirdə gənclərlə birlikdə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətləri, böyük xilaskarlıq missiyası barədə müzakirələr aparılıb.
Qeyd edək ki, dahi şəxsiyyətin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilmiş gənclər konfransı ASAP-ın Almaniyada təşkil etdiyi ilk ən irimiqyaslı tədbirdir.