DÜNYA
ALMATIDA MDB ÖLKƏLƏRİNİN TƏBİİ VƏ TEXNOGEN XARAKTERLİ FÖVQƏLADƏ HALLAR ÜZRƏ HÖKUMƏTLƏRARASI ŞURASININ İCLASI KEÇİRİLƏCƏK
AZƏRTAC-ın Minskdən, MDB İcraiyyə Komitəsindən aldığı xəbərə görə, MDB-nin üzvü olan dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Hökumətlərarası Şurasının 17-ci iclası iyulun 15-17-də Almatıda keçiriləcəkdir. İclas iştirakçıları MDB ölkələrinin fövqəladə hallar qüvvələri korpusunun bölmələri arasında radiomübadilə aparılması tezliklərini təsdiqləyəcək və 2010-cu ilədək olan dövrdə bu korpusun inkişafına dair dövlətlərarası məqsədli proqramın yerinə yetirilməsinin gedişini müzakirə edəcəklər. İclasda MDB ölkələrinin seysmoloji halların monitorinqi və proqnozlaşdırılması sahəsində qarşılıqlı fəaliyyət konsepsiyası layihəsinin hazırlanması, habelə fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması haqqında sazişə dəyişikliklər və əlavələr edilməsi, fövqəladə hallarla əlaqədar informasiya təminatı məsələlərinə də baxılacaqdır. İclasda Şuranın yeni sədrinin seçilməsi nəzərdə tutulur. Xatırladaq ki, hazırda ona Qırğızıstanın ekologiya və fövqəladə hallar naziri Satıvaldı Çırmaşov başçılıq edir.