SİYASƏT
ALMATIDAKI KONFRANSDA AZƏRBAYCANDAN DANIŞILMIŞDIR
Almatıda “Müasir cəmiyyətin inkişaf modeli və Üçüncü Dünya nəzəriyyəsi” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir.
Liviya Xalq Bürosunun Qazaxıstandakı mədəniyyət şöbəsi, R.Süleymenov adına Şərqşünaslıq İnstitutu həmçinin Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasının keçirdiyi bu konfransda Asiya, Afrika və Avropa ölkələrindən gəlmiş şərqşünas alimlər, beynəlxalq təşkilatların nümayəndələri, görkəmli dövlət və ictimai xadimlər və Qazaxıstanda fəaliyyət göstərən səfirlər iştirak etmişlər.
Azərbaycanı bu tədbirdə Bakı Dövlət Universitetinin müəllimi Xayriddin Nişad Əl-Abbasi, tədqiqatçı və yazıçı Adıgözəl Məmmədov, həmçinin Bakıdakı 1 nömrəli poliklinikanın həkimi Akif Kiçibəyov təmsil etmişlər.
Elmi konfransda iqtisadiyyatın, sosial sahələrin inkişafı ilə bağlı müxtəlif paroblemlər təhlil olunmuş, Liviya inqilabının lideri M.Qəzzafinin “Yaşıl kitab” əsərində irəli sürülmüş müddəalar müzakirə edilmişdir.
Azərbaycandan gəlmiş nümayəndələr öz çıxışlarında Üçüncü Dünya Nəzəriyyəsinin siyasi və psixoloji aspektləri, bu nəzəriyyənin analitik təhlili mövzularında danışmış, Azərbaycandakı iqtisadi və siyasi şərait, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər haqqında məlumat vermişlər.
Adıgözəl Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: - Öz çıxışımda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və bunun nəticəsində ölkə əhalisinin 1 milyon nəfərinin qaçqına çevrilməsi probleminə toxunaraq qeyd etdim ki, BMT Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etsə də Ermənistan öz işğalçı siyasətindən əl çəkmir. Münaqişə isə uzandıqca uzanır. Nəticədə xalq əzab çəkir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı