ELM VƏ TƏHSİL
AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib
Bakı, 3 may, AZƏRTAC
Akademik Həsən Əliyevin şəxsi fondu tədqiqatçıların sərəncamına verilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatı Elmi irs şöbəsinin əməkdaşı Gülnar Hacıyeva söyləyib. O bildirib ki, akademik Həsən Əliyevə məxsus çoxsaylı sənədlər elmi ekspertizadan keçirilərək arxiv siyahılarına uyğun olaraq fonda daxil edilib. Müxtəlif istiqamətli elmi, pedaqoji və yaradıcı fəaliyyəti özündə cəmləşdirən fondda Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunması və onların mühafizəsi, müxtəlif rayonların torpaq xəritələrinin tədqiqi, təbiətdən və təbii sərvətlərdən istifadənin elmi əsaslandırılması ilə bağlı Azərbaycan elminin dəyərli tədqiqat əsərləri Elmi irs şöbəsində daimi mühafizəyə cəlb edilib.
Qeyd edək ki, akademik Həsən Əliyev Ümumittifaq Torpaqşünaslıq və Ümumittifaq Coğrafiya cəmiyyətlərinin üzvü, 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası (AEA) Partiya Komitəsinin katibi, 1952-1957-ci illərdə AMEA-nın akademik-katibi, Dünya Universitetinin elm və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, eləcə də 1968-1987-ci illərdə AEA-nın Coğrafiya İnstitutunun direktoru olub.
Fondda görkəmli coğrafiyaşünas alimin elmi-populyar məqalələri, xəritələr, redaktə etdiyi əsərlər, beynəlxalq və ümumittifaq konfranslarındakı nitqləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə dair sənədlər, səfər təəssüratları və xatirələri yer alıb. Akademikə məxsus fondda, həmçinin ətraf mühitə dair elmlər, kənd təsərrüfatı, ekologiya, bitkiçilik və coğrafiyanın inkişafına töhfələr verəcək araşdırmalar siyahılara uyğun şəkildə yerləşdirilib.
Təbiətşünas, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin “Meşəni meşəbəyilərdən qorumaq lazımdır”, “Əgər meşələr qırılarsa, yayda müsəlləh sədası, qışda isə təzək tüstüsü göylərə ucalar” kimi deyimləri ilə Tuqay meşələrini qırılmaqdan qurtarmaq, meşələrin su tənzimləyici, torpaqqoruyucu rolunu və onun quraqlığa qarşı ən əlverişli mübarizə vasitəsi olduğunu xalqa çatdırmaq amalı və akademik Həsən Əliyevin məqsədləri üst-üstə düşürdü. Akademik Həsən Əliyevin ilk variantı 1976-cı ildə, II təkmil nəşri isə 1982-ci ildə işıq üzü görən “Həyəcan təbili” əsəri də öz növbəsində Azərbaycan təbiətinin deqradasiyaya uğradığının, təbiəti mühafizə üçün ölkə əhalisinin əksəriyyətinin bir araya toplaşmalı olduğunun həyəcan siqnalına çevrildi. “Biz təbiətdən mərhəmət gözləməməli, onu öz iradəmizə tabe etməliyik” deyimini qəbul etməyən Həsən Əliyev “tabe elə görüm necə edəcəksən” deyərək “Həyəcan təbili” kitabında quruyan çeşmə və çaylarımızın, məhv edilmiş meşələrimizin ağrı-acısından danışaraq təbiətimizin müdafiəsinə qalxırdı.
“Qırmızı kitab”a düşmüş nadir bitki və heyvan növlərinin təhlükə ilə üzləşməsi, məhsuldar torpaqların tədricən sıradan çıxması, eroziyaya məruz qalmış və şoranlaşmış torpaqların, qırılan meşələrin, eləcə də toksik maddələr və çirkab sularla zəhərlənmiş torpaqların üzləşdiyi təhlükələrdən xilas edilməsi yollarının araşdırılıb göstərilməsi akademik Həsən Əliyevin müstəsna xidmətlərindəndir.
Onun unudulmaz xidmətləri sırasında Azərbaycanda qoruqların təşkili, artırılması və onların qorunması, ətraf mühitin mühafizəsi məqsədilə cəmiyyətin təşkilatlanması və müxtəlif qurumların, ictimai nəzarət mərkəzlərinin işinə start verilməsi, bu istiqamətdəki fəaliyyətin elmi yöndə həyata keçirilməsi üçün şöbələrin yaradılması, 1970-ci ildə “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnalın nəşrə başlaması, o cümlədən arid, yəni quraq təbiəti olan alçaq dağlıq ərazilərdə meşəsalma fikrinin əsasının qoyulması idi.