REGİONLAR
AMEA Gəncə bölməsinin rəyasət heyətinin növbəti iclası keçirilib
Gəncə, 29 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda çıxış edən Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışını tarixi hadisə kimi qiymətləndirib. Vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərə səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mühüm layihələrin təməlqoyma mərasimlərində iştirakı iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisidir.
Sonra çıxış edən professor Həsənbala Sadıqov qeyd edib ki, səfər zamanı təməli qoyulan Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bu tarixi layihələr, ümumilikdə, Türk dünyasının tərəqqisinə də təkan verəcək.
Rəyasət heyətinin iclasında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə AMEA-nın Gəncə bölməsində aparılan elmi tədqiqat işlərindən bəhs olunub. Bildirilib ki, bununla bağlı səkkiz yeni monoqrafiya nəşr edilib. Elmi katiblər Sara Əzizova, Mətanət Əliyeva, Təranə Verdiyeva, fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqaları çıxış edərək, monoqrafiyalar haqqında fikirlərini səsləndiriblər.
İclasda bölmənin Nəbatat bağının şöbə müdiri, biologiya elmləri doktoru Aynur Bayramova pedaqogika elm sahəsi üzrə “Xəbərlər” məcmuəsinin ilk nömrəsini təqdim edib.
Rəyasət heyətinin iclasında, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçiriləcək onlayn “Beynəlxalq Sülh naminə Kibertəhlükəsizlik” konfransı haqqında da məlumat verilib.