ELM VƏ TƏHSİL
AMEA-nın magistraturasına ilk qəbulun nəticələrinə həsr olunan görüş keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA-nın magistraturasına ilk qəbulun nəticələrinə həsr olunan görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. AMEA-da magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən olduğunu söyləyən akademik bu işin bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını diqqətə çatdırıb.
Elmlə təhsilin vəhdətinin zəruriliyindən danışan A.Əlizadə bunun uğurlu alınacağına və gələcəkdə müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Vurğulanıb ki, elmlə təhsilin vəhdətinin yaradılması prioritet məsələdir. Akademiyada magistratura təhsilinin tətbiq olunması çox önəmlidir. AMEA-nın rəhbəri bildirib ki, bu il ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin magistratura pilləsinə yeddi ixtisas üzrə qəbul aparılıb. Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi həyata keçirilib və ilk dəfə burada təhsil alacaq 19 gənc müəyyən elmi istiqamətdə hazırlanacaq.
Qeyd edilib ki, magistraturaya qəbul dilçilik, antropologiya, geologiya, molekulyar biologiya, bitkilərin seleksiyası, nəzəri və riyazi fizika, kimyəvi genetika və kataliz ixtisasları üzrə aparılıb.
Akademiyanın 70 illik tarixində çox nüfuzlu və tanınmış alimlər yetişdirildiyini qeyd edən AMEA-nın rəhbəri magistratura təhsilinin elmin müxtəlif sahələrində yüksək ixtisaslı kadrların hazırlanmasına öz müsbət töhfələrini verəcəyini söyləyib.
A.Əlizadə, eyni zamanda magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, məzunlara gənc yaşlarından elmi tədqiqat vərdişləri aşıladığını bildirib.
Sonra gənclər çıxış edərək ölkəmizdə elmin və təhsilin inkişafı üçün yaradılan şəraiti yüksək dəyərləndirib, minnətdarlıqlarını bildiriblər.
Sonda AMEA-nın ilk magistrlərinə tələbə bileti və xatirə hədiyyələri təqdim olunub.