QAN YADDAŞI
AMEA-NIN TARİX İNSTİTUTU ELMİ ŞURASININ AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ GENİŞ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş geniş iclası keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclasda həm də Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağında törətdiyi əməllər barədə tarixi həqiqətlər” kitabının və Qırğızıstan Milli Elmlər Akademiyasının “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının xüsusi buraxılışının təqdimatı olmuşdur.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək demişdir ki, 31 mart azərbaycanlıların soyqırımı gününü unutmağa heç birimizin haqqı yoxdur. Çünki ermənilər xalqımıza qarşı görünməmiş vəhşiliklər törətmiş, qoca, qadın və uşaqlara belə aman verməmişlər. Azərbaycan ərazisi kütləvi məzarlıqlarla doludur. Onların hamısı açılmalı, tarixi həqiqət araşdırılmalıdır.
İclasda Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev, professor Fəzail İbrahimli, Səbail bələdiyyəsinin sədri Əhməd Hüseynov, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov və başqaları çıxış etmişlər. Çıxışlarda tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə faktların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü iş görülməsinin vacibliyi vurğulanmışdır.
Sonra “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” kitabının və “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının təqdimatı olmuşdur. Bildirilmişdir ki, arxiv materilları əsasından hazırlanmış, rus və ingilis dillərində nəşr olunmuş kitab Azərbaycan həqiqətlərinin, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Kitabın baş məsləhətçisi Milli Məclisin sədri Oqtay Əsədov, elmi redaktoru əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Yeni nəşr artıq internetdə yerləşdirilmişdir.
İclasda təklif edilmişdir ki, belə təqdimatlar yalnız Azərbaycanda deyil, digər türkdilli dövlətlərdə də təşkil olunmalı, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütəmadi tədbirlərin keçirilməsi məqsədi ilə alimlərin təmsil olunduğu ideoloji qurum da yaradılmalıdır.
“Ədəbiyyat və incəsənət məsələləri” jurnalının xüsusi buraxılışında AMEA-nın müxbir üzvü Y.Mahmudovun “Ümummilli lider Heydər Əliyev və XX əsrin ikinci yarısında Azərbaycanın tarixi”, “Azərbaycanlılar”, Aqil Hacıyevin “Mir Cəlalın yaradıcılığında qərb və rus ədəbiyyatı” məqalələri də verilmişdir.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bu nəşrlərin çapına kömək göstərənlərə təşəkkür etmiş və bildirmişdir ki, Fond bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.
######