ELM VƏ TƏHSİL
Amerikalı alim AMEA-nın İqtisadiyyat İnstitutunda olmuşdur
Bakı, 26 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “ADA” Universitetinin fəxri doktoru, professor Frederik Star ilə görüş keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu elm müəssisəsinin direktoru, professor Nazim İmanov aparılan elmi işlər və yaxın gələcək üçün planlardan danışmışdır.
Amerikalı qonaq rəhbərlik etdiyi tədqiqat mərkəzi və burada əldə edilən nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Görüşdə Qərb ilə Şərqi birləşdirən ticarət yollarının, o cümlədən Avropa-Çin və Avropa-Hindistan nəqliyyat dəhlizlərinin canlandırılması üzrə tədbirlər, xüsusilə də bu istiqamətdə araşdırma mərkəzlərinin üzərinə düşən vəzifələr müzakirə edilmişdir.
Tədbirdə, həmçinin Şərq-Qərb ticarət dəhlizinin tam gücü ilə hərəkətə gəlməsində Azərbaycanın öz potensialından səmərəli istifadə edə bilməsi istiqamətində yaxın və ortamüddətli perspektivdə aktuallaşacaq elmi problemlərin müəyyənləşdirilməsinin vacibliyi vurğulanmışdır.
F.Star səmimi görüş üçün təşəkkürünü bildirmiş, İqtisadiyyat İnstitutunun kollektivinə uğurlar arzulamışdır.