İDMAN
Amerikalı gimnast: Milli Gimnastika Arenasını çox sevdim
Bakı, 27 aprel, AZƏRTAC
Artıq ikinci gündür ki, Bakıda dünya kuboku turnirində mübarizə aparırıq. Bu gün bir qədər həyəcanlı idim. Yarışların ilk günü isə daha rahat çıxış etmişdim. Dünya kuboku maraqlı mübarizə şəraitində keçir. Milli Gimnastika Arenasını çox sevdim. İrimiqyaslı yarışların keçirilməsi üçün burada hər cür şərait var.
Bu sözləri Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda mübarizə aparan amerikalı gimnast Laura Zeng AZƏRTAC-a müsahibəsində deyib.
Bundan əvvəl iki dəfə - 2016-2017-ci illərdə Bakıda bədii gimnastika üzrə yarışlarda iştirak etdiyini bildirən idmançı qeyd edib ki, şəhərdə turnir bu dəfə də yüksək səviyyədə təşkil edilib. "Rəqabət gərgin olduğundan daha məsuliyyətli olmağa və hərəkətləri bir qədər də dəqiq yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, finalda imkanlarımdan tam istifadə edə biləcəyəm", - deyə ABŞ təmsilçisi əlavə edib.