İDMAN
AMPK-nın prezidenti cüdo üzrə paralimpiya yığma komandamızın üzvləri ilə görüşüb
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə AMPK-nın prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, kişilərdən ibarət komandanın baş məşqçisi İbrahim İbrahimov və qadınlardan ibarət komandanın baş məşqçisi Ramin İbrahimov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan tədbirdə çıxış edən İ.Rəhimov iki həftə sonra idmançılarımızı olduqca məsuliyyətli yarışın gözlədiyini bildirib. Bakıda ilk dəfə olaraq paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının keçiriləcəyini xatırladan AMPK-nın prezidentinin deyib: “Yarışlara ciddi hazırlaşırsınız. Artıq bir neçə təlim-məşq toplanışında iştirak etmisiniz. İki həftə sonra isə doğma divarlar arasında, yerli azarkeşlər qarşısında gücünüzü nümayiş etdirməlisiniz”.
Yarışın əhəmiyyətindən söz açan İ.Rəhimov vurğulayıb ki, Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır. İnanırıq ki, idmançılarımız bu yarışlarda uğurla çıxış edəcək və “Tokio 2020”yə lisenziya xalları qazanacaqlar.
Daha sonra idmançılara yeni formalar və yarışların akkreditasiya kartları təqdim olunub.
Tədbirdən sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli paracüdo idman növündəki yeni qaydalarla bağlı idmançılara təlim keçib.