DÜNYA
Ana həyatla vidalaşarkən dünyaya əkiz uşaq gətirmişdir
Baki, 23 aprel (AZƏRTAC). Ana ölməzdən əvvəl iki uşaq dünyaya gətirmişdir.
Belə möcüzələrdən biri də ABŞ-da baş vermişdir. Beyni ölü olan və əslində, özü də həyatdan köçmək astanasında olan qadın dünyaya iki qardaş gətirmişdir. Aleksandr və Nikolas adlı əkizlər indi hospitalın intensiv terapiya bölməsindədirlər. Həkimlər onların həyatı uğrunda mübarizə aparırlar.
Əkiz qardaşların anası, 26 yaşlı Kristina Bolden isə dünyasını dəyişmişdir. Lakin o, həyatdan getməzdən əvvəl iki insana həyat vermişdir.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, mart ayında ailə üzvləri ilə birlikdə gəzinti zamanı ölümcül anevrizmaya məruz qalan Kristina xəstəxanaya aparılanda artıq koma vəziyyətində idi. Həkimlər onun beyninin öldüyünü bildirmişlər. Bir ay komada qalan hamilə Kristina apreldə Aleksandr və Nikolası doğmuşdur.
Beynin fatal anevrizması diaqnozu ilə Miçiqan hospitalına gətirilmiş Kristina beyninin ölümü ilə bağlı diaqnozdan bir həftə sonra ana olmuşdur. Əkizlər çox kiçikdirlər, çünki Kristinanın hamiləliyinin 25-ci həftəsində doğulmuşlar.
Kristinanın bibisi Deniela Boldenin dediyinə görə, həkimlər onun qardaşı qızını son anadək həyatda saxlamağa çalışmışlar. O demişdir ki, Kristina əri və 3 yaşlı oğlu ilə parkda gəzirmiş. Qəflətən o, yerə yıxılır və huşunu itirir. Onun başında kəskin ağrılar olduğunu düşünürəm. Həkimlər bildirmişlər ki, hamiləlik stresi onun beynindəki ağrıları daha da kəskinləşdiribmiş. Kristina 3 uşaq anası idi və yenə də hamilə idi. Biz diaqnozu, fəlakəti tam anlamırdıq.
Kristinanın beyni öləndən sonra ona nekroloq da yazılmışdır. Lakin ailəsi Tanrıya ümid edir, Kristinanın sağalacağını düşünürdü.
Qeysər kəsimi vasitəsilə Kristinanın bətnindəki əkizlər götürülmüşdür. Özü də əməliyyat narkozsuz aparılmışdır. Həkimlər ağrıların Kristinanın beynini “oyandıracağına” ümid edirdilər. Lakin Kristina ayılmadı.
Əkiz qardaşlar isə indi Miçiqandakı “Helen Devos” klinikasındadırlar.