QAN YADDAŞI
Ankara Qazi Universitetində “Qarabağda talan var, Xocalıda soyqırımı” sərgisi təşkil edilib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) nümayəndələri Ankara Qazi Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak ediblər.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində “Qarabağda talan var, Xocalıda soyqırımı” sərgisi təşkil olunub. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə təşkil edilən sərgidə 50-dən çox türk rəssamının ermənilər tərəfindən məhv edilən abidələrimizi göstərən əsərləri nümayiş olunub.
Sərgidə, həmçinin Azərbaycan tərəfindən xüsusi dəvət olunan Xalq rəssamı, ADMİU-nun dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri Arif Əzizin “Mətin Cami” (Ağdam Cümə məscidi) əsəri təqdim olunub.
Tədbirdə çıxış edən ADMİU-nun rəssamlıq fakültəsinin dekanı, dosent Sevil Kərimova bildirib ki, 1878-ci ildə Kərbəlayi Səfixan Qarabağinin yaratdığı bu məscid Ağdamın işğalı zamanı dağıntılara məruz qalıb. Rəssam milli irsimizin bu unikal abidəsini alovlar içində, ancaq sınmamış, qürurlu Azərbaycan xalqının simvolu kimi təsvir edib.