ORDU
Ankarada Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü olub
Bakı, 4 may, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun modernləşdirilməsi, o cümlədən Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərə gedib.
Nümayəndə heyəti Ankarada Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin rəisi general-mayor Esat Mahmut Yılmazla görüşüb.
Görüşdə Türkiyə Respublikasının Hərbi Qanunvericiliyinin öyrənilməsi, bu istiqamətdə görüləcək birgə işlərin planlaşdırılması, eləcə də silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları və digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Səfər çərçivəsində, həmçinin azərbaycanlı nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib.