İDMAN
Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatı davam edir
Bakı, 22 aprel, AZƏRTAC
Antalyada məktəblilər arasında şahmat üzrə dünya çempionatının beşinci turunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından 14-ü ötən turu qələbə ilə başa vurub. Müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçılarımızdan Süleyman Süleymanlı (3,5 xal), Əli Süleymanov (3,5 xal), Yusif Babayev (3 xal), Murad Mehdizadə (3 xal), Uğur İlyaslı (3 xal), Rafael Bayramlı (3 xal), Lalə Hüseynova (3 xal), Xanım İsmayılova (3 xal), Aysel Rəhimova (2,5 xal), Cahangir Azadəliyev (2,5 xal), Əhmədağa Həşimov (2 xal), Firuz İsmayılov (2 xal), Selcan İsmayıl (2 xal), Tamerlan Hüseynzadə (1 xal) ötən turda qalib gəliblər. Ümid Allahverdi heç-heçə edib. Digər təmsilçilərimiz isə məğlub olublar.
On iki qrup üzrə keçirilən yarışda 33 ölkədən 400-dən çox şahmatçı mübarizə aparır. Azərbaycanı dünya çempionatında müxtəlif yaş qrupları üzrə 29 şahmatçı təmsil edir. Onlardan 18-i oğlan, 11-i isə qızdır.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.