ELM VƏ TƏHSİL
ANTARKTİDA ÜZƏRİNDƏKİ OZON DƏLİYİ YENİDƏN GENİŞLƏNİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Avstraliya və ABŞ-ın Antarktidadakı elmi stansiyalarının əməkdaşları birgə apardıqları tədqiqatlar əsasında belə qənaətə gəlmişlər ki, buzlu qitə üzərindəki “ozon dəliyi” yenidən genişlənməyə başlamışdır və tezliklə özünün 2000-ci ildəki rekord ölçülərinə çata bilər. Xatırladaq ki, o vaxt onun sahəsi Avstraliyanın ərazisindən üç dəfə böyük idi.
Alimlərin müşahidələrinə görə, ozon dəliyinin bu yaxınlarda baş vermiş kiçilməsinə atmosferə buraxılan zərərli maddələrin həcminin azalması deyil, əsasən, ötən il Antarktidada iqlimin mülayimləşməsi səbəb olmuşdur. Lakin indi əks-prosesin getdiyi müşahidə edilir – bu qitədə orta temperaturun qeyri-adi dərəcədə aşağı olması qoruyucu ozon qatının azalmasına və bunun nəticəsi kimi, Günəş radiasiyasının təsirinin güclənməsinə gətirib çıxarmışdır. Bu isə dəri xərçənginin və digər onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur.