MƏDƏNİYYƏT
“Arşın mal alan” bu dəfə Ofeliya Aslanın xatirəsinə həsr olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikihissəli operettasının növbəti nümayişi respublikanın sevimli kino və teatr aktyoru Ofeliya Aslanın 80 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tamaşadan öncə Əməkdar incəsənət xadimi Telli Pənahqızı sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açaraq onun sənət fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, 1983-cü ildə Mədəniyyət və İncəsənət Universitetini bitirən O.Aslanın Musiqili Teatrdakı ilk rolu “Durna” komediyasında Lalə obrazı olub. Bundan başqa, “Beş manatlıq gəlin”də Gülnaz, “Arşın mal alan”da Telli, “Hicran”da Çarliston, “Axırı yaxşı olar”da Dilbər, “Bankir adaxlı”da Səmayə və “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb. O, “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib. Teatrın truppası ilə dünyanın müxtəlif şəhərlərində qastrol səfərlərində olan aktrisa daha çox Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Ana mən evlənirəm” əsərində Bibixanım rolu ilə tamaşaçı məhəbbəti qazanıb.
Sonra tamaşa nümayiş olunub.
Səhnə əsərində rolları Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov ifa edib.
Qeyd edək ki, özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan, sevilən aktrisa vaxtilə bu tamaşada həyat yoldaşı - böyük gülüş ustası Səyavuş Aslanla (Vəli) tərəf-müqabili olub.