DÜNYA
Aşağı Avstriya əyalətinin qubernatoru ölkədə həkim çatışmazlığına qarşı təkliflə çıxış edib
Vyana, 28 avqust, AZƏRTAC
Avstriyada sığorta şirkətləri ilə müqavilə əsasında çalışan sahə həkimlərinin sayı tədricən azalmaqdadır, özəl klinikalarda və xəstəxanaların ambulator şöbələrində növbələr çoxalır, yəni həkim çatışmazlığı ölkədə getdikcə daha çox hiss olunmağa başlayıb. Avstriyada uzunömürlü insanların sayı artdıqca, tibbi qayğıya ehtiyacı olanların sayı da artır, lakin regionlarda qeydiyyatdan keçən sahə həkimlərinin sayı sığorta şirkətlərinin qeyri-sərfəli qonorar ödənişlərinə görə ildən-ilə azalır.
AZƏRTAC xəbər verir ki, bu problemin həlli üçün Aşağı Avstriya əyalətinin qubernatoru Yohanna Mikl-Laytner yeni təklif irəli sürüb. O, həkim çatışmazlığı ilə bağlı bildirib ki, tibb universitetlərindəki tələbə yerlərinin sayını iki dəfə artırmaq lazımdır.
Bu əyalətdə səhiyyənin demək olar ki, bütün sahələrində mütəxəssis çatışmazlığına rast gəlmək mümkündür: “Həkim çatışmazlığı bizim üçün artıq bir fakta çevrilib”, deyə Mikl-Laytner qeyd edib. Bununla bağlı tanınmış siyasətçi başqa bir mühüm faktı da diqqətə çatdırıb: “İldən-ilə daha az həkim yetişdirilir. Bu hal təcili olaraq dəyişməlidir”. Y.Mikl-Laytnerin bu təsbitini rəqəmlər də sübut edir. Bu il Vyana, Qrats, Lints və İnnsbruk tibb universitetlərində 16.443 namizədə cəmi 1680 tələbə yeri təklif olunub. Bu yerlərdən də 25 faizi xarici tələbələr üçün nəzərdə tutulub.
“Ümumiyyətlə, qəbul imtahanı tətbiq olunmağa başladığı və tələbə yerlərinin məhdudlaşdırıldığı andan etibarən tibb ixtisası üzrə məzunlar azalıb”, deyə xanım Mikl-Laytner bildirib. Onun sözlərinə görə, Aşağı Avstriyada Karl-Landştayner özəl universitetində təhsil və həkimlərə dəstək yolu ilə bu tendensiyanın qarşısını almağa çalışırlar. Buna görə də həkim çatışmazlığını aradan qaldırmaq üçün birgə səylər zəruridir və qubernatorun fikrincə, tələbə yerlərinin ikiqat artırılması bu təşəbbüsün təməl daşıdır.
Avstriyanın Federal Təhsil Nazirliyindən qubernatorun tələbi ilə bağlı bildirilib ki, tələbə sayının artırılması qısamüddətli mərhələdə həkim çatışmazlığının qarşısını almaq üçün yetərli sayıla bilməz, ilk növbədə, peşə fəaliyyəti ilə bağlı şəraitin və əmək müqavilələri şərtlərinin yaxşılaşdırılması həkimlərin sayına müsbət təsir göstərə, eləcə də ucqar yerlərdə çalışmağı cəlbedici edə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana