REGİONLAR
Astarada boks üzrə beynəlxalq yarışların qalibi Məhəmmədəli Qasımzadə ilə görüş keçirilib
Astara, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon İcra Hakimiyyətində bu ilin may ayında Monteneqronun Budva şəhərində, iyun ayında isə Belarusun paytaxtı Minskdə yeniyetmələr arasında keçirilən boks üzrə beynəlxalq turnirlərin qalibi olmuş Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmmədəli Qasımzadə ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, astaralı idmançı 12 ölkə idmançılarının iştirakı ilə boks üzrə keçirilən hər iki beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bu ilin iyul ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Avropa birinciliyində də Məhəmmədəli Qasımzadə qaliblər sırasında olub. Finalda Rusiya idmançısına uduzan astaralı boksçu, ikinci yeri tutaraq gümüş medal qazanıb.
İdman ustası, boks üzrə məşqçi Nurlan Məmmədovun rəhbərliyi ilə çalışan Məhəmmədəli Qasımzadə 2019-cu ildə məktəblilər arasında keçirilən Avropa çempionatının da qalibi olub.
Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Məhəmmədəli Qasımzadəni beynəlxalq yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edərək, ona yeni-yeni qələbə sevincləri arzulayıb.
Sonda gənc boksçu Məhəmmədəli Qasımzadə qiymətli hədiyyə ilə mükafatlandırılıb.