REGİONLAR
Astaranın çay plantasiyalarında məhsul yığımı başa çatıb – 11,3 faiz çox çay istehsal olunub
Astara, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun çay plantasiyalarında məhsul yığımı başa çatıb. Bu il rayonda mövcud olan 345 hektar çay plantasiyalarından 530,2 ton məhsul yığılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur. Hər hektarın məhsuldarlığı 6,3 sentner artaraq 28,4 sentnerə çatdırılıb.
Astarada yaşıl çay yarpağının emalı məqsədilə 3 çay fabriki fəaliyyət göstərir.
Qeyd edək ki, son illər ölkəmizdə kənd təsərrüfatının inkişafına, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi sahəsində görülən işlər aqrar bölmənin inkişafı üçün geniş imkanlar yaradıb. Qeyri-neft sektorunun inkişafında bir vaxtlar geniş şöhrət qazanmış təsərrüfat sahələrinin bərpası mühüm rol oynayır. Bu baxımdan, bitkiçiliyin ənənəvi sahələrindən olan çayçılığın inkişafı istiqamətində tədbirlər davam edir. Mülayim-subtropik iqlim qurşağında yerləşən Astara rayonunda çayçılığın inkişafına diqqət artırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda da ölkəmizdə çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.
Çay çoxillik bitkidir, hər torpaqda bitmir, əkiləndən 7 il sonra məhsuldarlığa çatır və daha çox aqrotexniki qulluq tələb edir.
Astarada çay bitkisi ilk dəfə 1912-ci ildə əkilib.