İDMAN
Atçılıq Federasiyasının baş katibi: Çövkənlə bağlı çox ciddi planlarımız var
Bakı, 14 dekabr, AZƏRTAC
“Çövkən oyunu ilə bağlı çox ciddi planlarımız var”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev çövkən üzrə Prezident Kubokunun püşkatma mərasimindən sonra deyib.
Federasiya rəsmisi yarışda yalnız yerli cins atların iştirak edəcəyini bildirib: “Bu addım həmin atların inkişafına kömək edəcək. Əvvəllər Şəkidə başlatdığımız çövkən yarışlarının həlledici oyunlarını Bakıda təşkil edirdik. Son illərdə isə yarış ancaq paytaxtımızda baş tutur. Gələcəkdə yenidən bölgələrə üz tutmağı planlaşdırırıq”.
B. Nəbiyev əvvəlki illərə nisbətən komanda sayının az olduğunu vurğulayıb: “Vaxtı ilə 24 komandanın iştirakı ilə Prezident Kuboku təşkil etmişik. Lakin daha sonra komandaların sayında azalma baş verdi. Bu isə federasiya ilə bağlı olan məsələ deyil. Biz yarışı təşkil edən qurumuq və bölgələrdən klub adları yazılıb göndərilir. Ona uyğun plan qururuq. Ola bilsin ki, turnirdə yalnız milli cins atlardan istifadə etmək qərarı sayın azalmasına təsir etdi. Bəlkə də komandalar heyətlərini yerli atlarla təmin etməyiblər. Çünki əvvəllər kənd, ingilis və ərəb atları ilə yarışlar keçirilirdi”.
Baş katib 2024-cü ildə çövkən üzrə Azərbaycan çempionatının keçiriləcəyini vurğulayıb: Yarışda ən azı 8 komanda iştirak edəcək. Məqsədimiz qarşıdakı illərdə daha çox komandanın iştirakı ilə turnirlər keçirməkdir. Həmçinin kankur növü və cıdır yarışlarının inkişafı üçün çalışırıq. Bu növlər üzrə növbəti il ölkədaxili turnirlər keçirilməsini planlaşdırmışıq. Eyni zamanda, komandalarımızın beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməsini istəyirik. Bu istiqamətdə işlər görülür. Bir həmyerlimiz Rusiyanın Sankt-Peterburq şəhərində bu idman növü ilə məşğul olur və yüksək nəticələr əldə edir. Almaniyada üç təmsilçimiz var. Onlar da uğurlu çıxışları ilə diqqət çəkirlər. Artıq 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarının hazırlıqlarına başlamışıq”.