SİYASƏT
ATƏT-İN HAZIRKI SƏDRİ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
ATƏT-in ölkəmizdə səfərdə olan hazırkı sədri Jaymi Qama martın 7-də Səttarxan adına zavodun tikintisi yarımçıq qalmış binasında müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərlə - Cəbrayıl, Zəngilan, Ağdam və Qubadlı rayonlarının sakinləri ilə görüşmüşdür.
Həmvətənlərimizin məşəqqətli vəziyyəti ilə tanış olduqdan sonra cənab Jaymi Qama demişdir ki, ATƏT münaqişənin sülh yolu ilə həll edilməsi və məcburi köçkünlərin doğma yerlərinə qayıtması üçün səylərini əsirgəməyəcəkdir.
Məcburi köçkünlər qonağa bildirdilər ki, onlar dünya birliyindən və beynəlxalq təşkilatlardan bir tələbi var - Ermənistan tərəfindən işğal olunmuş torpaqların qaytarılmasında Azərbaycana kömək göstərsinlər.
Görüşdə iştirak edən baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bildirdi ki, 1993-1995-ci illərdə humanitar təşkilatlar və donor ölkələr Azərbaycan qaçqın və köçkünlərinə çoxlu vəsait ayırırdılar. Bu sahədə proqramların bir çoxu dayandırıldığına görə, hazırda həmin yardım xeyli azalmışdır. Ə.Həsənov onu da vurğuladı ki, ölkəmizin qarşılaşdığı çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti Heydər Əliyev yurd-yuvasından didərgin düşmüş insanlara daim qayğı göstərir.