ELM VƏ TƏHSİL
ATMU və Avstriyanın IMC Krems Universitetinin əməkdaşları arasında onlayn görüş
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Universiteti arasında 10 ildən artıq davam edən ikili diplom proqramı 200-dən çox savadlı kadrın yetişdirilməsində böyük rol oynayıb. Əməkdaşlığın daha səmərəli təşkili və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın dəstəklənməsi məqsədilə hər iki ali təhsil müəssisəsinin əməkdaşları arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşdə hər iki ali təhsil müəssisəsinin rektorları İlham Mədətov və Karl Ennsfellner ixtisaslı kadrların hazırlanması istiqaməti üzrə Azərbaycan-Avstria Turizm Proqramının (AATP) daha səmərəli təşkili, təhsilin keyfiyyəti, rəqabətliliyin artırılması sahəsində birgə fəaliyyəti günün tələbi kimi dəyərləndiriblər.
Fikir mübadiləsi şəraitində keçən onlayn görüşdə hər iki universitetin nümayəndələri Azərbaycan-Avstriya Turizm Proqramının müasir tələblərə uyğun, rəqabətədavamlı tərəflərinə münasibət bildiriblər.
Görüşdə Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) koordinatorları Elmira Hacıyeva və Yens Peter Ennen, ATMU-nun rektor müşaviri Elvin Yusifli və universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.