DÜNYA
AVROPA BİRLİYİNİN ÜZVÜ OLAN 15 ÖLKƏ ABŞ-IN QƏRARINA QARŞI ÇIXMIŞDIR
Sərnişinlərin və uçuşların təhlükəsizliyi məqsədi ilə təyyarələrdə silahlı xüsusi agentlərin yerləşdirilməsi barədə ABŞ-ın qərarı Avropa Birliyinin 15 ölkəsi tərəfindən narazılıqla qarşılanmışdır. Aropa Birliyinin Strasburqda keçirilmiş növbəti yığıncağında bu məsələnin müzakirəsi zamanı bir çox ölkələr həmin qərarın əleyhinə çıxmışlar. Danimarka, Finlandiya və Portuqaliya təmsilçiləri təyyarələrdə silahlı agentləri yerləşdirməkdənsə, təhlükəli uçuşları ləğv etməyə üstünlük vermişlər.
Böyük Britaniya təyyarəçiləri də silahlı polislərin təyyarələrdə uçuşları əleyhinə sənədə imza atmışlar. Təyyarəçilərin bu addımına cavab olaraq İngiltərə həmişə tərəfdaşlıq etdiyi ABŞ-a münasibəti pozmamaq naminə vəziyyəti bir qədər yüngülləşdirməyə səy göstərmişdir. İrlandiya öz təyyarələrində silahlı agentlərin uçmasına yol verməyəcəyini qəti şəkildə bəyan etmişdir. İspaniya və İtaliya da ABŞ-ın bu qərarına qarşı narazılıqlarını nümayişkaranə büruzə vermişlər. Fransa da bu qərara qarşı çıxmış ölkələri dəstəkləmişdir.