SİYASƏT
Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün səy göstərməlidirlər
Bakı, 29 aprel (AZƏRTAC). Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Azərbaycan dünyada ikiqütblülük ləğv olunduqdan sonra özünün həm daxili, həm də xarici inkişafına görə ən uğurlu dövlətlərdən biridir. Azərbaycan yenə də irəli getməkdə və inkişaf etməkdə davam edir.
Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı demişdir.
İnkişaf üçün yalnız daxili təsisatlar deyil, beynəlxalq birliyin yaratdığı əlverişli mühit də mövcud olmalıdır deyən N.Məmmədov bildirmişdir: “Bu gün beynəlxalq aləmdə qaynar nöqtələrin sayı artmışdır. Lakin onların həlli istiqamətində hələ ki, uğurlu nəticə yoxdur. Azərbaycan 25 ildir müharibə şəraitində yaşayır. Avropa dövlətləri bu münaqişənin həll olunması üçün səy göstərməlidirlər. Bu münaqişə Azərbaycana problemlər yaradır. Lakin buna baxmayaraq, ölkəmiz sabit inkişaf yolundadır, yenə də irəli gedir”.
Novruz Məmmədov demişdir ki, Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə, xüsusən də enerji sahəsində sıx əməkdaşlıq edir. Amma təəssüflər olsun ki, indiyədək nə ATƏT-in Minsk qrupu, nə də Avropa İttifaqı bu münaqişəyə ədalətli həll təklifləri etməyib. Bizim yeganə məqsədimiz münaqişənin ədalətlə həll olunmasıdır.