SİYASƏT
Avropa İttifaqı ilə Gürcüstan, Moldova və Ukrayna arasında assosiasiya sazişinin imzalanması münasibətilə Bakıda qəbul təşkil edilmişdir
Bakı, 3 iyul (AZƏRTAC, Ülviyyə Məmmədli). Avropa İttifaqı ilə Gürcüstan, Moldova və Ukrayna arasında assosiasiya sazişinin imzalanması münasibətilə qurumun Azərbaycandakı nümayəndəliyi iyulun 3-də qəbul təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard tədbirdə çıxış edərək assosiasiya sazişinin Avropa İttifaqının tarixində yeni bir mərhələ olduğunu söyləmişdir. O bildirmişdir ki, ümumi dəyərlərə əsaslanan əməkdaşlıq bu sazişin imzalanması ilə daha da inkişaf edəcəkdir.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze assosiasiya sazişini imzalamaqla ölkəsinin Avropa ilə siyasi və iqtisadi inteqrasiya yoluna qədəm qoyduğunu söyləmişdir. O demişdir ki, Gürcüstanda istehsal olunan məhsullar tariflər və kvotalar olmadan Avropa İttifaqı bazarlarına çıxacaqdır. Bu da iqtisadi artım üçün güclü stimul yaradacaqdır. Səfir Bakıda bu əlamətdar günü qeyd etmək üçün imkan yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.
Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Georgi Botan demişdir ki, assosiasiya sazişi həm Moldova, həm də Avropa İttifaqı üçün tarixi hadisədir və bu sənədin imzalanması ölkə iqtisadiyyatının inkişafı baxımından perspektivlər açır. O əlavə etmişdir ki, sənədin imzalanması, həmçinin ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün yaxşı fürsət yaradır.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko bildirmişdir ki, ölkənin yeni seçilmiş Prezidenti Pyotr Poroşenkonun seçki kampaniyasının əsas istiqamətlərindən biri də assosiasiya sazişinin imzalanması olmuşdur ki, bu məsələ də uğurla tamamlanmışdır. O demişdir ki, rəsmi Kiyev təkcə dövlət səviyyəsində deyil, hər ukraynalının gündəlik həyatında assosiasiya sazişini tətbiq etmək üçün işləməyə hazırdır.