ELM VƏ TƏHSİL
AVROPA PARLAMENTİ BMT-Nİ SAXAROV ADINA MÜKAFATA LAYIQ GÖRMÜŞDÜR
AZƏRTAC xarici informasıya agentliklərinə istinadla xəbər verir ki, Avropa Parlamenti BMT-nin baş katibi Kofi Annanı və bu beynəlxalq təşkilatın bütün əməkdaşlarını 2003-cü il üçün Saxarov adına mükafata layıq görmüşdür. Mükafat onlara münaqişələrin sülh yolu ilə həll edilməsinə töhfələrinə görə və bu nəcib vəzifəni yerinə yetirərkən həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq verilmişdir.
Təntənəli təltifolunma mərasimi yanvarın 29-da Brüsseldə Avropa Birliyinin qanunvericilik orqanının sessiyasında keçiriləcəkdir.
Kofi Annan Belçika paytaxtına bu il avqustun 19-da Bağdadda törədilmiş terror aktı nəticəsində həlak olmuş 18 nəfər BMT əməkdaşının doğmaları və yaxınları ilə birlikdə gələcəkdir. Baş katibin həmin terror aktında həlak olmuş xüsusi elçisi brazilyalı Sercio Vieyra de Mellonun ailə üzvləri də onların arasındadır.
BMT-nin Bağdaddakı nümayəndəliyinin terror aktı zamanı yaralanmış bütün əməkdaşları da Brüsselə dəvət edilmişlər.