DÜNYA
AVROPA ÜSƏMA BİN LADENİN “SÜLH” TƏKLİFİNƏ RƏDD CAVABI VERİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dubayın “Əl-Ərəbiyyə” və Qətərin “Əl-Cəsriyyə” radioları Əl-Qaidə beynəlxalq terror şəbəkəsinin lideri Üsame bin Ladenin Avropa ölkələrinə ünvanladığı sülh və barışıq barədə müraciətinin lent yazısını səsləndirmişdir. O, öz müraciətində Avropa ölkələrini barışığa dəvət edərək bildirmişdir ki, həmin dövlətlər öz qoşun hissələrini İraqdan geri çəkərək müsəlmanlar üzərinə hücumlarından əl götürsələr, Əl-Qaidə Avropaya qarşı müharibəni dayandıracaqdır. Bin Laden barışıq təklifinə üç ay müddətində münasibət bildirməyi Avropadan tələb etmişdir.
Xatırladaq ki, ABŞ-ın kəşfiyyat idarəsi və dövlət katibi Kolin Pauell lent yazısındakı səsi Üsəma bin Ladenə aid olduğunu təsdiq etmişlər.
Avropa Birliyi və onun üzvü olan dövlətlər Əl-Qaidə terror şəbəkəsi liderinin “sülh və atəşkəs təklifinə” Avropanın münasibətini ləngitmədən bildirmişlər. Almaniya, Fransa, İngiltərə, İtaliya dövlətləri, Avropa Birliyi və Avropa Komissiyasının sədri Romano Prodi Üsəma bin Laden kimi ekstremist terrorçu, ağır cinayətkar və cani ilə heç vaxt danışıqlar masası arxasında əyləşməyəcəklərini, beynəlxalq terrorizm qarşısında əyilməyəcəklərini qəti və birmənalı şəkildə bəyan etmişlər.