İQTİSADİYYAT
Azad ticarət zonasının yaradılması ilə bağlı işçi qrupunun ilk iclası keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Ələtdəki Yeni Bakı Limanında azad ticarət zonasının (ATZ) yaradılması ilə bağlı işçi qrupunun ilk iclası keçirilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” Sərəncamının icrasını təmin etmək məqsədi ilə yaradılmış işçi qrupunun ilk iclası keçirilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru və işçi qrupunun rəhbəri Taleh Ziyadovun sədrliyi ilə keçirilən iclasda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərin hazırlanmasi istiqamətində aparılan işlər müzakirə olunub.
İşçi qrupunun üzvlərinin diqqətinə çatdırılıb ki, ATZ-nin planlaşdırılması və idarə olunması sahəsində ixtisaslaşan xarici şirkətlə danışıqlar aparılıb və yaxın zamanlarda həmin şirkət azad ticarət zonasının yaradılmasına cəlb olunacaq.
“Ələt qəsəbəsində ATZ-nin yaradılması ilə bağlı Prezidentin Sərəncamından irəli gələn tapşırıqların icra olunması Yeni Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevirilməsini təmin edəcək. Hazırda işçi qrupuna daxil olan 10-dan çox nazirlik, komitə, agentlik və cəmiyyət rəsmiləri bu prosesin səmərəli qurulması üçün öz tövhələrini verirlər”, - deyə Taleh Ziyadov bildirib.
İclasda İqtisadiyyat, Vergilər, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Maliyyə, Ədliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Yeni Bakı Limanında ATZ-nin yaradılması ilə nəqliyyat və logistika infrastrukturunun, neft-kimya və əczaçılıq sahələrinin qurulması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və sair işlərin həyata keçirilməsi planlaşdırılır.
ATZ ilə bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.