ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq konqresdə məruzə edib
![Azərbaycan alimi beynəlxalq konqresdə məruzə edib](/files/2021/2/1200x630/16236808253143824998_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Ahıl insanların sağlamlığına multidisiplinar yanaşma” Milli Türk Geriatriya-2021 konqresində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən forumda alim “Azərbaycanda herontoloji tədqiqatlar: hazırkı vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Konqres zamanı “Azərbaycanın uzunömürlülük xəritəsi”ni” nümayiş etdirən professor qeyd edib ki, 90 yaşlı insanlara dünyanın bütün ölkələrində rast gəlinir. Lakin uzunömürlülüyün qrup və ya populyasiya fenomeni yalnız bir neçə ölkədə müşahidə olunur ki, onlardan biri də bizim ölkəmizdir.
Ulduz Həşimova Fiziologiya İnstitutu tərəfindən sağlam qocalmanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı respublikada ən yüksək uzunömürlülük indeksi ilə fərqlənən regionların dağlıq və dağətəyi ərazilərə təsadüf etdiyini vurğulayıb. Bildirilib ki, 2016-cı ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının nəticələrinə görə vaxtilə Qarabağ zonasında yaşayan, sonra isə köçkün həyatı sürən insanlar arasında uzunömürlülük potensialı yüksək olaraq qalıb. Uzunömürlülüyün irsiyyətlə bağlılığına toxunan alim sağlam həyat tərzi, təmiz ekoloji mühit, düzgün qidalanma və s. amillərlə yanaşı, yaşama müddətinin “kodlaşdırılmasında” genetik faktorun rolunu diqqətə çatdırıb.
Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.