İQTİSADİYYAT
AZƏRBAYCAN-ALMANİYA İQTİSADİ ƏMƏKDAŞLIĞI
Sentyabrın 22-26-da maliyyə və texniki əməkdaşlıq layihələri üzrə məsləhətləşmələr aparılması üçün Almaniya Federativ Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin Asiya, Orta və Şərqi Avropa üzrə müvəkkili doktor Rayner Gördelerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Nümayəndə heyətinə Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin, Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri daxil idi.
Səfərin başlıca məqsədi Almaniya hökumətinin dəstəyi ilə hazırda həyata keçirilən layihələrin monitorinqinin aparılması, eləcə də gələcək əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsindən ibarət idi. Aparılan danışıqlarda Azərbaycan tərəfini iqtisadi inkişaf, xarici işlər, ədliyyə və maliyyə nazirliklərinin nümayəndələri təmsil edirdi.
Danışıqlar zamanı son dövrlərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi sahəsində qəbul edilmiş qərarlar arədə Almaniya tərəfinə ətraflı məlumat verildi. Azərbaycan tərəfi özəl bölmənin dəstəklənməsi layihəsi çərçivəsində verilən kreditlərin artırılmasını, kreditlərin faiz dərəcələrinin aşağı salınmasını, KFW bankının Azərbaycan nümayəndəliyinin yaradılmasını təklif etdi.
Almaniya Federativ Respublikası nümayəndə heyətinin başçısı doktor Rayner Gördeler Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin yüksələn xətt üzrə inkişafını xüsusi olaraq qeyd etdi və Azərbaycanda demokratikləşmə və iqtisadiyyatın liberallaşdırılması sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirdi. O bildirdi ki, Almaniya federal hökuməti bu uğurları nəzərə alaraq, texniki və maliyyə əməkdaşlığı üzrə layihələrə 18 milyon avro məbləğində əlavə vəsait (16 milyon avro maliyyə əməkdaşlığı və 2 milyon avro texniki əməkdaşlıq çərçivəsində) ayrılması barədə qərar qəbul etmişdir. Ayrılmış vəsaitin 15 milyon avroya bərabər hissəsi güzəştli kredit, 1 milyon avroya bərabər hissəsi isə qrantdır. Maliyyə yardımı çərçivəsində ayrılmış vəsait əmanətlərin sığortalanması sisteminin yaradılmasına, infrastruktur üzrə layihələrin reallaşdırılmasına, texniki yardım çərçivəsində ayrılmış vəsait isə özəlləşdirmə prosesində sosial yönümlü tədbirlərin həyata keçirilməsinə, yoxsulluğun azaldılması proqramının dəstəklənməsinə yönəldiləcəkdir.
Qeyd etmək lazımdır ki, buna qədər Almaniya hökuməti maliyyə əməkdaşlığı layihələrinə 90,4 milyon avro, texniki əməkdaşlıq layihələrinə isə 13,8 milyon avro həcmində vəsait ayırmışdır. Bu vəsaitlər özəl bölmənin dəstəklənməsi, mikrokredit bankının yaradılması, infrastruktur, ərzaq təminatı, elektroenergetika, aqrar siyasətin, hüquq və məhkəmə islahatlarının, özəlləşdirmə prosesinin dəstəklənməsi və s. sahələr üzrə layihələri əhatə edir.
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyev və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin Asiya, Orta və Şərqi Avropa üzrə müvəkkili doktor R.Gördeler ikitərəfli maliyyə və texniki əməkdaşlıq layihələri üzrə məsləhətləşmələrin nəticələri ilə bağlı memorandum imzalamışlar.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Klaus Qrevlix danışıqlarda iştirak etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti