MƏDƏNİYYƏT
Azərbaycan Dillər Universitetində Çinin sirk sənətinə həsr edilən elmi seminar
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Azərbaycan sirkinin yaranmasının 70 illiyinə həsr edilən “İpək Yolu ölkələrinin sirk sənəti” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov Çin xalqının özünəməxsusluğunu və ənənələrini özündə təcəssüm etdirən Çin sirk sənətinin unikallığı, bu ölkənin sirk kollektivlərinin ölkəmizə qastrol səfərləri barədə danışıb. R.Abbasov əsası ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Azərbaycan-Çin mədəni əməkdaşlığının mütərəqqi inkişafını xüsusi vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Rəcəb Məmmədov milli sirk sənətinin tarixi və inkişaf perspektivlərindən, Azərbaycanın sirk ənənələri və janrlarından danışıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çin sirk sənətinin formalaşmasının tarixi mərhələləri, Çin sirk ustalarının yüksək səviyyəli ifa bacarığı, bu ölkənin sirk sənətinin Asiya və Avropa xalqlarının mədəniyyətinə təsiri barədə məlumat veriblər.
Azərbaycan sirkinin tarixinə həsr edilmiş “Sirk mənim həyatımdır” sənədli filmi nümayiş olunub.