QAN YADDAŞI
Azərbaycan Dillər Universitetində mart soyqırımı ilə bağlı elmi məruzələr dinlənilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycan Dillər Universitetində (ADU) “Erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı” mövzusunda birinci elmi konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransda ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev 31 mart hadisələrində Bakıda və müxtəlif bölgələrdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə məlumat verib.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi anıldığını qeyd edən Ə.Abdullayev Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində siyasətinin uğurlu nəticələrindən danışıb.
Dosent Samir Həmidov konfransın tarixi hadisələri tələbələrə daha dərindən öyrətmək, xalqımızın məruz qaldığı soyqırımının dünyaya tanıdılmasında gənclərin fəallıq göstərməsinə nail olmaq məqsədi daşıdığını söyləyib.
Konfransda “Mart soyqırımı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Mart soyqırımının araşdırılmasında fövqəladə təhqiqat komissiyasının rolu”, “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tanıdılması istiqamətində beynəlxalq fəaliyyət”, “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti qərb dövlətlərinin elmi araşdırmalarında” mövzularında məruzələr dinlənilib.
Çıxış edənlər müxtəlif tarixi dövrlərdə ermənilərin türklərə qarşı olan məkrli siyasətindən söz açıb, Azərbaycan həqiqətlərinin xarici dillərdə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.