İQTİSADİYYAT
“AZƏRBAYCAN HAVA YOLLARI”NIN TƏHLÜKƏSİZLİK SİSTEMİ AVROPADA ƏN YAXŞILARDAN BİRİDİR
ABŞ Dövlət Departamenti “2002-ci ildə beynəlxalq terrorizm” adlı növbəti məruzəsində terrorizmə qarşı mübarizədə Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müsbət təcrübəsini vurğulamışdır. Məruzədə deyilir ki, Azərbaycan Birləşmiş Ştatlara möhkəm siyasi dəstək göstərmişdir. Dekabrın 11-də ABŞ səfirinin iqamətgahında keçirilmiş mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev Birləşmiş Ştatların beynəlxalq terrorizmlə mübarizə sahəsində gördüyü bütün tədbirləri dəstəkləmək niyyətində olduğunu təsdiqləmişdir.
Bu sənəddə Bakının Binə beynəlxalq hava limanında aviasiya təhlükəsizliyinin və mühafizə tədbirlərinin gücləndirilməsini təmin etmək və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) aviasiya təhlükəsizliyinə dair tövsiyələrini yerinə yetirmək sahəsində “Azərbaycan Hava Yolları” Dövlət Konserninin apardığı iş ayrıca qeyd olunmuşdur.
Konsernin baş direktoru Cahangir Əsgərov AZƏRTAC-ın müxbirinin xahişi ilə bunu şərh edərək bildirmişdir ki, Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsi (ATİ) 1996-cı ildə yaradılmışdır. O vaxt bir çox xarici şirkətlər Azərbaycan mülki aviasiya sisteminin aviasiya təhlükəsizliyi sahəsində öz xidmətlərini təklif edirdilər, lakin Konsernin rəhbərliyi öz təhlükəsizlik strukturunu yaratdı. Bu, vaxtında qəbul edilmiş və ölkənin milli mənafelərinə uyğun olan lazımi qərar idi.
Cahangir Əsgərov vurğulamışdır ki, ATİ-nin başlıca vəzifəsi hava gəmilərində daşımalar zamanı sərnişinlərin, baqajların, yüklərin və poçtun aviasiya təhlükəsizliyini təmin etməkdən, sərnişinlərin, onların əl yükü və baqajının yoxlanılmasından, habelə mülki aviasiya obyektlərinin və hava gəmilərinin mühafizəsindən, buraxılış rejiminə və obyektdaxili rejimlərə əməl olunmasına nəzarət etməkdən ibarətdir.
ABŞ-da faciəli 11 sentyabr hadisələri ilə əlaqədar ölkənin Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti Heydər Əliyevin verdiyi göstərişlərə uyğun olaraq, Dövlət Konserninin rəhbərliyi aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsinə dair tədbirlər planına yenidən baxmış və onu qısa müddətdə həyata keçirmişdir. O cümlədən Bakının Binə beynəlxalq hava limanının rejim zonalarına keçid müasir sistemlə və videomüşahidə qurğuları ilə təchiz edilmişdir. Məsələn, aerovağzal kompleksi terminallarının əvvəllər nəzarət edilməyən sahələrində əlavə videokameralar qoyulmuşdur və onlar 24 saat ərzində nəzarəti yerinə yetirir. Beynəlxalq terminalda və yerli hava yolları terminalında sərnişinlərin yoxlanılması üçün əlavə stasionar metalaxtarıcıları, əl yükü və baqajların yoxlanılması üçün introskoplar qoyulmuşdur. İndi Bakı hava limanında sərnişinlərin əl yükü və baqajlarının 100 faiz yoxlanılması sistemi sahmanlanmışdır. Hava gəmilərinə aparılmaq üçün qadağan olunmuş əşyaların aşkara çıxarılmasından ötrü aerovağzal kompleksinin salonlarında kinoloji xidməti fəaliyyət göstərir. Daxili ehtiyatlar hesabına əmək növbələrində ATİ işçilərinin sayı artırılmışdır. Bununla yanaşı, lazım gəldikdə ATİ-nin hərbiləşdirilmiş xidmətinin işçiləri və Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları birgə patrul xidməti çəkirlər.
Hazırda Bakı hava limanının bütün perimetri üzrə elektron-mühafizə sisteminin inşası və quraşdırılması işləri başa çatmaqdadır. Bu işlər İsrailin “Maqal” tikinti şirkəti ilə müqaviləyə əsasən aparılır.
İndi Konsernin aviasiya təhlükəsizliyi xidmətinin işçiləri xüsusi peşə hazırlığı keçmiş yüksək ixtisaslı kadrlardan ibarətdir.
Ötən il Milli Aviasiya Akademiyasının bazası əsasında aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər hazırlayan fakültə yaradılmışdır. Mütəxəssislərimizin yüksək ixtisası beynəlxalq səviyyədə də təqdir olunmuşdur. Beynəlxalq aviasiya strukturları ATİ-nin əməkdaşlarını birgə nəzarət və bir sıra ölkələrin aviasiya təhlükəsizliyi sistemlərinin sahmanlanması üçün cəlb edirlər. Onların ixtisasının artırılmasına böyük diqqət yetirilir. Məsələn, 2001-ci ilin aprelində Milli Aviasiya Akademiyası “Hava limanında terrorizmlə mübarizənin təşkili” mövzusunda kurslar təşkil etmişdir. Kurslar ABŞ Dövlət Departamenti tərəfindən yardım proqramı çərçivəsində keçirilmişdir.
İCAO və Avropa Mülki Aviasiya Konfransının (ECAC) ekspertləri Binə hava limanında aviasiya təhlükəsizliyinin vəziyyəti ilə tanış olaraq, Dövlət Konserninin bu sahədə həyata keçirdiyi tədbirlərə yüksək qiymət vermişlər. Beynəlxalq ekspertlər qrupu bildirmişdir ki, Bakı beynəlxalq hava limanında aviasiya təhlükəsizliyi sistemi Avropada ən yaxşı sistemlərdən biridir.