ORDU
Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən “Noble Partner 2022” çoxmillətli təlimlərdə iştirak edib
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən “Noble Partner 2022” (“Layiqli tərəfdaş”) çoxmillətli beynəlxalq təlimlərdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında təlimlərin rəsmi başa çatması ilə bağlı rəsmi mərasim keçirilib.
Mərasimdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, hökumət üzvləri və diplomatik korpus nümayəndələrinin iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov da iştirak ediblər.
Səfir və hərbi attaşe mərasim çərçivəsində Azərbaycan hərbçiləri ilə görüşüb.
F.Quliyev bildirib ki, baş tutmuş təlimlər hərbçilərin bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. O, təlimlərdə iştirak etmiş zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Gürcüstanda altıncı dəfədir keçirilmiş “Noble Partner 2022” təlimləri Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiqlər arasında hazırlıq və uyğunluğun artırılmasına yönəlib.
Avqustun 29-dan başlamış və “Güc tərəfdaşlıqdadır” devizi altında keçirilmiş təlimlərdə Azərbaycan da daxil olmaqla 21 ölkədən 2400-dən çox hərbçi iştirak edib.
Bağlanış mərasimində təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirmiş gürcü və əcnəbi hərbçilər Gürcüstan Müdafiə Nazirliyinin medalları ilə təltif olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi