İDMAN
Azərbaycan idmançıları İslamiadanın uşu yarışlarını 3 gümüş və 3 bürünc medalla başa çatdırıblar
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışları başa çatıb. Azərbaycan idmançıları 3 gümüş və 3 bürünc medal əldə ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Elçin Eminov (56 kq) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində bürünc medallar türkmənistanlı Annageldi Ağamiradova və indoneziyalı Yusuf Vidiyantoya qismət olub.
Yarışda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov da finalda iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb. Bu çəki dərəcəsində üçüncü yerləri Pakistan təmsilçisi Obaidulla Obaidulla və Türkiyə idmançısı Ali Ay tutublar.
Daha bir idmançımız Vüqar Kərəmov (70 kq) da İslamiadanı ikinci pillədə başa vurub. Təmsilçimiz həlledici görüşdə Saeid Fazeli ilə qarşılaşmada uğur qazana bilməyib. Bu çəki dərəcəsində bürünc medallara indoneziyalı Puja Riyaya və türkiyəli Savaş Bekar yiyələniblər.
Komandamızın aktivinə bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) yazdırıblar.
Beləliklə, Azərbaycan atletləri İslamiadanın uşu yarışlarını 3 gümüş və 3 bürünc medalla başa çatdırıblar.