ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İslam sivilizasiyası alimlərinin tədbirində çıxış edib
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun rektoru İslam sivilizasiyası alimlərinin tədbirində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Malayziyanın İslam Hadrari İnstitutu, Kebangsaa Universiteti və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir onlayn formada keçirilib.
Malayziya və Özbəkistanın, habelə digər ölkə universitet və tədqiqat müəssisələrinin alimlərinin iştirak etdikləri beynəlxalq tədbirdə İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Orta Asiyanın İslam fəlsəfi düşüncəsinə töhfəsi: Mərv məktəbi” mövzusunda çıxış edib.
A.Şirinov çıxışında Mərv məktəbinin İslam dünyasında fəlsəfi düşüncənin təşəkkülünə verdiyi töhfələri vurğulayıb. Həmçinin bu məktəbin peripatetik fəlsəfənin yayılmasındakı rolundan söz açıb, sözügedən fəlsəfə məktəbinin təmsilçiləri haqqında məlumat verib.
Beynəlxalq tədbir İslam sivilizasiyası alimlərini bir yerə toplamaq, onların elmi tədqiqat işlərini müzakirə etmək məqsədilə təşkil olunub.