SİYASƏT
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb
Bakı, 22 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir qonaqlara bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində düşmənin silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması hallarının, kəşfiyyat-təxribat basqınlarının sayının artması barədə ətraflı məlumat verib.
Müdafiə naziri ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə müsbət nəticələrindən və qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu diqqətə çatdırıb.
Qonaq Azərbaycanın Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib. O, tərəflər arasındakı səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb.
Sonra ikitərəfli əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.