SİYASƏT
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin əlaqələrinin inkişafında informasiya mübadiləsi mühüm rol oynayır
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında informasiya mübadiləsi sahəsində əməkdaşlıq mühüm önəm kəsb edir.
Bu fikir Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun bu ölkənin WAM informasiya agentliyinin icraçı direktoru Camal Nasser əl-Suvayder ilə görüşündə səslənib.
Səfir ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını vurğulayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfin uydurma və yalanlarla dolu məlumatlarının qarşısının alınmasında dost və qardaş ölkələrin media qurumlarının, xüsusilə Yaxın Şərq regionunda böyük nüfuza malik WAM informasiya agentliyinin dəstəyinin zəruriliyini qeyd edib.
Camal Nasser əl-Suvayder 2014-cü ildə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini, ölkəmizə səfəri çərçivəsində AZƏRTAC ilə WAM arasında əməkdaşlıq və informasiya mübadiləsi sahəsində Anlaşma Memorandumunun imzalandığını xatırladıb. O, yaxın gələcəkdə iki agentlik arasında praktiki əməkdaşlığa başlanacağını qeyd edib və ilkin mərhələdə qarşılıqlı əsasda kadrlar üçün təlimlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Söhbət zamanı WAM-ın icraçı direktoruna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, xüsusilə aprelin əvvəllərində qoşunların təmas xəttində erməni təxribatları nəticəsində yaranan gərginlik barədə məlumat verilib.