SİYASƏT
Azərbaycan ilə Misir arasında siyasi əlaqələrin inkişaf səviyyəsi məmnunluq doğurur
Bakı, 15 iyun (AZƏRTAC). Misirin Yaxın Şərq Xəbərlər Agentliyində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə müsahibə dərc olunmuşdur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsahibədə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq əlaqələrinin müştərək iradə və tarixi münasibətlər əsasında daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycan ilə Misir arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir iki ölkə arasında turizm və energetika sahələri daxil olmaqla, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etmişdir.
Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verən Elmar Məmmədyarov ölkəmizin qarşıdakı on ildə inkişaf etmiş dövlətlər sırasına daxil olmağa səy göstərdiyini söyləmişdir.
Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyən mövqeyinin təqdir edildiyini diqqətə çatdırmışdır.
Nazir İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdikləri qətnamələrin və Qoşulmama Hərəkatının münaqişənin həlli ilə əlaqədar ifadə etdiyi mövqeyin yüksək qiymətləndirildiyini demişdir.
Azərbaycanın terrorizmdən əziyyət çəkən dövlət olduğunu və erməni terror təşkilatları tərəfindən terrora məruz qaldığını və eləcə də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin qətlə yetirildiyini diqqətə çatdıran Elmar Məmmədyarov Azərbaycanın terrorizmə qarşı beynəlxalq səyləri dəstəklədiyini və bu sahədə Misir ilə əməkdaşlığın faydalı ola biləcəyini demişdir.
Müsahibə əsnasında nazir Elmar Məmmədyarov ölkəmizin Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Yaxın Şərq, Afrika və Asiyada humanitar layihələr həyata keçirdiyini və davamlı inkişafa və sabitliyə töhfə verdiyini bildirmişdir.
Nazir Azərbaycanın qonşu ölkələr, Şərqi və Mərkəzi Avropa regionu və Asiyada investisiya layihələri həyata keçirməsi və ölkəmizin regionun nəqliyyat mərkəzinə çevrilməsi barədə də ətraflı danışmışdır.