SİYASƏT
Azərbaycan ilk dəfə Cənubi Afrika Respublikasında Afrika Günü festivalında təmsil olunmuşdur
Bakı, 26 may (AZƏRTAC). Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi ilk dəfə olaraq Pretoriya şəhərində Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamenti, Afrika İnstitutu və bir sıra yerli təşkilatlar tərəfindən təşkil olunan Afrika Günü festivalında iştirak etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, 2010-cu ildən təşkil edilən ənənəvi festivalda CAR-da fəaliyyət göstərən yalnız Afrika ölkələrinin diplomatik korpusunun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Bu il isə ilk dəfə olaraq tədbirə Azərbaycan Respublikasının səfirliyi dəvət edilmişdir. Səfirlik öz növbəsində “CAR-da Azərbaycan Dostları” qeyri-hökumət təşkilatı ilə birlikdə Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixi və müasir dövrünə aid fotoşəkillər, xalçalar, kitablar və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirmişdir.
Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqqında broşür və bukletlər təqdim edilmiş, Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizlə bağlı diğər mövzulara həsr edilmiş çap materialları paylanmışdır.
Tədbir yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.
Afrika Günü festivalını gün ərzində minlərlə xarici və yerli vətəndaş ziyarət etmişdir.