SİYASƏT
Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb
Bakı, 22 iyul (AZƏRTAC). İyulun 22-də Qaradağ Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə respublikanın qabaqcıl kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova görüşdə Azərbaycan milli mətbuatının inkişaf tarixindən danışıb. O, Azərbaycan milli mətbuatının özünəməxsus ənənələr yaratdığını və şanlı jurnalistlər nəsli yetişdirdiyini söyləyib. Bildirib ki, mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərib və öz qələmləri ilə xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.
Qeyd edilib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olub. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçısının Sərəncamına əsasən KİV işçiləri üçün yaşayış binasının inşa edilməsi bunun bariz nümunəsidir.
Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.