İDMAN
Azərbaycan millisinin futzalçısı: Rumıniya ilə oyuna yalnız qələbə üçün çıxacağıq
Bakı, 13 dekabr, AZƏRTAC
"Qarşıdakı oyunlara hazırlığımız çox yaxşı gedir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya yığmasına qarşı keçirəcəkləri oyun barədə jurnalistlərə açıqlamasında deyib.
O, komandada əhvali-ruhiyyənin yaxşı olduğunu bildirib: "Artıq 4-5 gündür baş məşqçimizin rəhbərliyi altında toplanış keçirik. Gənc oyunçular da göstərirlər ki, oynaya bilirlər. Meydana yalnız qələbə üçün çıxacağıq”.
Yığmanın dünya çempionatına vəsiqə qazanmaq şansını da dəyərləndirən futzalçı əsas hədəflərinin məhz bundan ibarət olduğunu vurğulayıb: "Mən qrupun əvvəlki oyunlarında heyətdə olmamışam. Uşaqlar həmin matçlarda yaxşı mübarizə aparmışdılar. Artıq onlar keçmişdə qalıb. Məqsədimiz qarşıdakı oyunlarda qələbə qazanıb dünya çempionatına vəsiqə əldə etməkdir".
Daha əvvəl minifutbolda da çıxış etmiş T. Mikayılov futzalla bu idman növünü müqayisə edib: "Peşəkarlıq cəhətdən futzal daha yaxşıdır. Lakin burada komanda sayı azdır. Minifutbolda isə say çox olduğu üçün mübarizə aparmaq həyəcanlı və maraqlıdır. İnanıram ki, gələcəkdə futzalda da komanda sayı artacaq".
Qeyd edək ki, dekabrın 15-də keçiriləcək Azərbaycan - Rumıniya matçı saat 20:00-da başlayacaq.