İQTİSADİYYAT
Azərbaycan neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən uğurla çıxa bilib
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan neftlə zəngin olan digər ölkələr kimi, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq görərik ki, Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilmişdir. Neftlə zəngin olan bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən uğurla çıxa bilmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Dövlətimizin başçısı deyib ki, neftin qiyməti isə 3-4 dəfə aşağı düşmüşdür. Bu, o deməkdir ki, əsas gəlir mənbəyimiz olan neft bizə 3-4 dəfə az gəlir gətirmişdir. Biz əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik.