SİYASƏT
Azərbaycan Ombudsmanı Budapeştdə Milli İnsan Hüquqları Təsisatları Avropa Şəbəkəsinin strateji və Baş Assambleyanın toplantısında iştirak etmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin strateji toplantısında iştirak etmişdir.
Bu beynəlxalq tədbirdə ATƏT-in İnsan Hüquqları Demokratik Təsisatlar Bürosunun məsul işçiləri ilə yanaşı, 40-dan çox ölkənin milli insan hüquqları təsisatlarının nümayəndələri də iştirak etmişlər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Şurasının və ATƏT-in dəstəyi ilə təşkil edilmiş tədbirdə həmin şəbəkənin fəaliyyəti nəzərdən keçirilmiş, strateji məsələlər müzakirə olunmuşdur.
Tədbirin gündəliyinə 2012-ci ildə BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin 11-ci beynəlxalq konfransında qəbul edilmiş, qadın və ahılların hüquqlarından bəhs edən Əmman Bəyannaməsi və əhalinin yaşlanma məsələləri üzrə mövzular salınmışdır.
Şəbəkənin funksiyası Avropada müvafiq təsisatların yaradılması, akkreditasiyası və onlara dəstək verilməsi yolu ilə insan hüquqlarının müdafiəsi və təmininin effektivliyini artırmaqdan ibarətdir.
Tədbirdə, həmçinin həmin Şəbəkənin əvvəlki fəaliyyəti bütövlükdə qənaətbəxş hesab edilmiş, eyni zamanda Şəbəkənin strukturunun daha da təkmilləşdirilməsi, planlı və strateji xarakter daşıması, daha çox üzvlərin iştirakının təmin edilməsi, habelə həm üzvlər, həm də xarici qurumlarla əlaqələrin gücləndirilməsi məsələlərinin vacibliyi vurğulanmışdır.
Beynəlxalq tədbirdə fəal iştirak edən Azərbaycan Ombudsmanı Macarıstanın yeni seçilmiş Ombudsmanı Laslo Şekeli ilə görüşmüşdür.
Görüşdə insan hüquqları sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.